“30-dan artıq süni intellekt modulu müəyyən edilib” – Nazir

“Son dövrlər dünyada süni intellekt texnologiyalarının sürətli inkişafı dövlətlərin iqtisadi və texnoloji strategiyalarında yeni prioritetlər formalaşdırır. Azərbaycan da bu prosesdə aktiv mövqe tutur”.
“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda təşkil etdiyi ictimai dinləmədə bildirib.
“Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın artıq deyərdim ki, ikinci mərhələsini həyata keçirir.
2020-ci ildən etibarən qurulan Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini də ciddi şəkildə artırıb. Bu transformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir.
Layihə çərçivəsində aqrar sahədə qərarverməni daha dəqiq və məlumat əsaslı etmək məqsədilə 30-dan artıq süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər məlumat mənbələrini bir araya gətirərək həm dövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarvermə prosesini dəstəkləyir.
Sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitik məlumatlar formalaşdırılır. Bu məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə çatdırılır.
Beləliklə, aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir”, – nazir bildirib.
Mənbə: https://qafqazinfo.az/news/detail/30-dan-artiq-suni-intellekt-modulu-mueyyen-edilib-nazir-501793







