Pulsuz Yemək Tapmaq Arzusu Ilə - Karavandan Zirvəyə Necə Gəlib? » DaylyAz
Idman Xəbərləri 206

Pulsuz yemək tapmaq arzusu ilə – Karavandan zirvəyə necə gəlib?

Ötən gecə ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) tarixi an yaşandı.

“Qafqazinfo” xəbər verir ki, “Mayami Hit” klubunun üzvü Bam Adebayo bir matçda 83 xal atmaqla əfsanəvi Kobe Brayantı geridə qoydu.

O, komandasının 150:129 hesabı ilə qalib gəldiyi görüşdə 83 xal, 9 ribaund, 3 assist, 2 top ələ keçirmə ilə tarixə düşdü. Bununla da Adebayo 2006-cı ildə bir matçda 81 xal atan Brayantı keçdi.

NBA-də bir oyunda ən çox xal rekordu isə 1962-ci ildə 100 xal toplayan Uilt Çemberleynə məxsusdur.

Adebayo ötən gecə yaşadığı tarixi anlardan sonra ilk olaraq sevincini anası ilə qeyd edib. “Mayami Hit”in üzvü anası Marlin Blounta sarılaraq göz yaşlarına hakim ola bilməyib.

Bam Adebayo çətin keçən uşaqlıq həyatından sonra bu zirvələrə anası sayəsində yüksəldiyini isə hər zaman etiraf edib. O, 1997-ci ildə Nyu-Cersidə dünyaya gəlib.

Atası Con Adebayo isə oğlu ilə heç yaxından maraqlanmır. Demək olar ki, o, ailəsini atıb gedir. Anası isə oğlunu böyütmək üçün ət emalı zavodunda işə düzəlir. Adebayo anası ilə birlikdə Nyu-Cersidə bir karavanda yaşayır.

Anası isə hər səhər saat 05:00-da oyanaraq, ona yemək hazırlayıb işə gedirmiş.

Adebayo anasının əziyyəti qarşılığında hər gün özünə söz verirmiş ki, bir gün bu çətinliklər geridə qalacaq. O, açıqlamasında həmin günləri belə xatırlayır: “Biz anamla karavanda yaşayırdıq. O, bəzən axşam 8-ə qədər işləyirdi. Düzdür, başımızın üstündə dam, isti geyimimiz var idi. Amma dostlarımın evlərini görəndə harada yaşadığımızın fərqinə varırdım. Karavanda böyüyəndə əldə etdiyin hər şeyi yaxşı hesab edirsən. Hər zaman yaxşı evimizin olmasını arzulayır, xəyallar qururdum. Anam mənə çox işləməyi və bundan şikayət etməməyi öyrətdi”.

Bam Adebayonun “Bam” ləqəbi də anası ilə bağlıdır. Əsl adı Edris olan basketbolçu dünya idmanında “Bam” ləqəbi ilə tanınır.

Bunun səbəbi isə uşaqlıqda televiziyada “Bamm-Bamm Rubble” adlı personajı (“The Flintstones” cizgi filmindən) izləyirdi və çox enerjili olduğuna görə anası ona “Bam Bam” deyə müraciət etməyə başladı. Sonra bu ləqəb qısalıb Bam kimi qaldı.

Adebayo NBA-da ilk müqaviləsini imzaladıqdan sonra ilk olaraq anasına ev alır. O bununla da karavandakı xəyallarını həyata keçirir.

Bam müsahibələrinin birində maraqlı açıqlaması ilə diqqət çəkmişdi. O, basketbolçu olmaq istəməsini pulsuz yemək tapmaq arzusu ilə əlaqələndirmişdi: “Uşaqlıqda NBA-ya düşəcəyimi düşünmürdüm. Sadəcə yaxşı oynamaq istəyirdim ki, pulsuz yemək tapım”.

Bir çox basketbolçulardan fərqli olaraq Adebayo karyerasına Amerika futbolunda oynayaraq başlayır. Sonra isə yüksək sürətinə görə basketbolçu olmağa qərar verir.

Ötən gün isə tarix yazaraq “Karavandan zirvəyə” adlı hekayəsi ilə dünyaya səs salır.

Mənbə: https://qafqazinfo.az/news/detail/pulsuz-yemek-tapmaq-arzusu-ile-karavandan-zirveye-nece-gelib-501847

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button