“Sinəmdəki xəritə Azərbaycanla sülhün simvoludur” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və ölkə daxilindəki gərginliklə bağlı mühüm fikirlər səsləndirib.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, hökumət başçısı çıxışında 2024-cü ilin aprelində Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamaq qərarının Ermənistanın gələcəyi üçün əsas faktor olduğunu bildirib:
“Şəxsi inancıma görə, 2024-cü ilin mart-aprel aylarında Ermənistan dövlətçilik həddinə çatmışdı. Əgər biz həmin vaxt Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə başlamaq qərarı verməsəydik, Ermənistan bu gün müstəqil dövlət olmayacaqdı”.
Paşinyan bu qərarın verilməsinin çox çətin olduğunu, ölkə daxilində kilsə rəhbərliyi və bəzi ruhanilər tərəfindən buna qarşı ciddi müqavimət göstərildiyini vurğulayıb:
“Kilsəmizin faktiki rəhbərinin təşviqi ilə arxiyepiskoplardan biri Ermənistanda yalnız demarkasiyanın qarşısını almaq deyil, həm də münaqişəni yenidən aktivləşdirmək məqsədi daşıyan hərəkat başlatmışdı. Onlar dezinformasiya kampaniyası ilə onminlərlə insanı küçələrə çıxarmışdılar”.
Baş nazir qeyd edib ki, hazırda Tavuş bölgəsinin Kirants kəndi sülhün və “Əsl Ermənistanın” simvoluna çevrilib:
“Kilsə-müxalifət hərəkatının kəndin boşaldılacağı barədə yalanlarına baxmayaraq, demarkasiyadan sonra Kirantsda evlərin sayı 50 faiz artıb. Bu gün ora tamamilə dinc, təhlükəsiz və rəngarəng bir yaşayış məntəqəsidir. Mən 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında müəyyən edilmiş Ermənistan xəritəsinin təsvirini sinəmdə gəzdirirəm. Bu, həm də sülhün simvoludur, çünki biz bir-birimizin ərazi bütövlüyünü tanımaqla Ermənistan və Azərbaycan arasında sülh yaratmışıq”.
Paşinyan sonda bəzi ruhaniləri xarici xüsusi xidmət orqanlarına işləməkdə ittiham edərək, sülh və müstəqilliyin “antixristian” məqsədlərə qurban verilməsinə, ölkənin yeni müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib.
Mənbə: https://qafqazinfo.az/news/detail/sinemdeki-xerite-azerbaycanla-sulhun-simvoludur-pasinyan-501855







