Cəza verildi

Ötən ilin yanvarında Qax rayonunun Qaxbaş kəndində rayon məhkəməsinin hakimi Təle Xəlilovun öldüyü hadisə ilə bağlı cinayət işi başladı.
“Kafkas İnformasiyaları”nın əldə etdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından ölümünə görə “Azəriqaz”ın Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsində çalışan çilingər C.Muhammadov məsuliyyətə cəlb edildi.
Belə ki, onun xidmət ərazisində yerləşən və hakim Təle Xəlilovun kirayə yaşadığı mənzildə kombi aparatının hamam otağında quraşdırıldığını məlum olub. Hadisədən bir müddət əvvəl çilingər oraya baxış keçirsə də, kombinin hamamda yerləşdirilməsini nöqsan kimi aktlaşdırmamıydı.
Bu səbəbdən ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi ilə iş açıldı.
66 yaşlı C.Muhammadov ifadəsində bildirdi ki, mənzilə mərhum hakimin özü ilə baxış keçirib və həmin vaxt kombinin hamamda yerləşdirilməsinin qaydalara uyğun olmaması barədə şifahi xəbərdarlıq edib. Lakin bu nöqsanı sənədləşdirməyib.
Qax Rayon Məhkəməsinin hökmü ilə çilingərə 2 il azadlığın məhdudlaşdırılması cəzası verildi. Onun üzərinə elektron qolbaq yerləşdirildi və bir sıra hüquqları məhdudlaşdırıldı.
Fotoda Təle Xəlilov







