Beyləqanda qanvermə aksiyası keçirilib – Fotolar

Ötən gün Beyləqan Rayon İcra Hakimiyyəti, Respublika Qan Bankı və “Beyləqan RMX” PHŞ-nin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Gənclər Evində könüllü qanvermə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada Beyləqan RİH başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının rəhbəri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivi, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Aksiya çərçivəsində bütün donorların ilkin sağlamlıq müayinəsi aparılmış, onların qan verməyə uyğunluğu müvafiq qaydada yoxlanılmışdır. Tibbi personal tərəfindən qanvermə prosesi təhlükəsiz və sanitariya-normalara uyğun şəkildə təşkil edilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram ölkəmizdə minlərlə insanın sağlam gələcəyinə ümid verir və donorluğun təşviqi, xəstəliklərin qarşısının alınması sahəsində əhəmiyyətli rol oynayır.
Beyləqan Rayon İcra Hakimiyyəti aksiyada iştirak edən bütün vətəndaşlara təşəkkür edir və gələcəkdə belə önəmli təşəbbüslərdə davamlı iştirak etməyə çağırış edir.







Mənbə: https://qafqazinfo.az/news/detail/beyleqanda-qanverme-aksiyasi-kecirilib-fotolar-499181







