“Azərbaycanın neft məhsulları Ermənistandakı monopoliyanı dağıdıb”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası ilə bağlı strateji hədəflərini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, hökumət başçısı təqdim olunan təkliflərin Vaşinqton razılaşmalarını gecikdirmək məqsədi daşımadığını bəyan edib.
O bildirib ki, Ermənistan və Azərbaycanın dəmiryolu əlaqələrinin bərpası ilə bağlı gözləntiləri bir-biri ilə ziddiyyət təşkil etmir:
“Azərbaycan Ermənistan ərazisindən Naxçıvana keçidin yaradılmasını gözlədiyi kimi, biz də Naxçıvan ərazisindən Ermənistanın cənubu və şimalı arasında dəmiryolu əlaqəsinin qurulmasını gözləyirik. Coğrafi şəraitə görə bu marşrutun bizim üçün alternativi yoxdur. Biz həmçinin Gürcüstan-Azərbaycan dəmiryolundan ixrac üçün istifadə edəcəyik və ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanın özü də Ermənistan üçün mühüm ixrac məntəqəsinə çevriləcək”.
Paşinyan artıq iqtisadi sahədə real nəticələrin olduğunu diqqətə çatdırıb:
“Ermənistanın Azərbaycandan neft məhsulları idxal etməsi daxili bazarda qiymətlərin aşağı düşməsinə səbəb olub və onilliklər boyu mövcud olan monopoliyanı dağıdıb. Məhz regionda dəmiryolu əlaqəsinin qurulmasına və ümumilikdə sülh prosesinə verdiyi dəstəyə görə Gürcüstanın Baş nazirinə də təşəkkür edirəm”.







