Hərəkətini instaqramda göstərən cəmiyyətə hörmətsizlik ifadə edən qadına cərimə

Sosial şəbəkədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan foto və videolar paylaşan bir qadın inzibati məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorluq tərəfindən 1996-cı il təvəllüdlü S.Abbasova barəsində protokol tərtib olunub.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq – internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradanjestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən tərtib edilən protokola Suraxanı Rayon Məhkəməsində baxılıb.
Xəbəri bildirilib ki, fiziki şəxs S.Abbasova instaqramda 140.000-dən artıq abunəçisi olan profilə sahibdir. O, bəzi görüntülərdə erotik, o cümlədən xarici dildəki mahnı sədaları altında oriental rəqsin hərəkətlərini icra edib. Digər görüntülərdə isə hər hansı paltar satışı niyyəti olmadan, geyim brendinin loqosu göstərilmədən bədəninin əksər hissələrini nümayiş etdirərək cəmiyyətə açıqcasına hörmətsizlik edib.
Məhkəmənin qərarı ilə S.Abbasova 1000 manat cərimə edilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/daha-bir-qadin-instaqram-paylasimlarina-gore-cezalandirildi-500837







