“Həmin problemlərin həlli üçün 4 trilyona yaxın pul lazım olacaq”

“Uşağımız fizika və ya riyaziyyatdan müəllim yanına gedirsə, yaxud məktəbdə zəifdirsə, hiss edə bilirik. Buna müvafiq olaraq ya məktəbini dəyişirik, ya da başqa müəllim tuturuq. Amma bədən tərbiyəsi müəllimi düzgün şəkildə təşkil olunmayan məşqlər prosesində onun sağlamlığına ziyan vurursa, bizim onu müəyyən etməyə nə biliyimiz, nə də bacarığımız var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Milli Məclisin Gənclər və idman komitəsinin təşkil etdiyi 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə bu gün keçirilən ictimai dinləmədə bildirib.
“Uşaq müəyyən yaşa çatdıqdan sonra onda ortaya çıxan problemlərlə bağlı deyirik ki, necə oldu, zədəsi var, haradan yaranıb? Bu əlbəttə, düzgün şəkildə, savadı lazımi qədər olmayan, vaxtında doğru şəkildə yükləmələri etməyən proses nəticəsində ortaya çıxıb. Bu, birbaşa sağlamlığa dayanır”, – deyə şöbə müdiri əlavə edib.
E.Məmmədovun sözlərinə görə, bu gün ən böyük problemlərdən biri ağır çəki və piylənmə məsələsidir: “2035-ci ildə ümumi xərclərin qarşılanması üçün 4 milyard insan piylənmədən əziyyət çəkəcək. Qlobal olaraq 4 trilyona yaxın pul lazım olacaq ki, həmin problemlər həll olunsun. Fiziki aktiv olmayanda bir çox xəstəliklər ortaya çıxır. Əhalimiz fiziki aktiv olmasa, biz öz sərvətimizi, insan resursunu itirməyi təhlükə altına alırıq. Prezidentin səsləndirdiyi əsas fikirlərdən biri insan kapitalı yetişdirməkdir”.







