Oğuz-Qəbələ-Bakı Su Kəmərinin Mənbəyindən - Reportaj » DaylyAz
Aktual xəbərlər

Oğuz-Qəbələ-Bakı su kəmərinin mənbəyindən – Reportaj

Oğuz-Qəbələ-Bakı su kəmərinin ümumi uzunluğu 262,5 kilometr təşkil edir. 

“Qafqazinfo” xəbər verir ki, diametri 2000 millimetr olan magistral xətt saniyədə 5 kub metr su ötürmə qabiliyyətinə malikdir və əsasən özüaxımlı rejimdə fəaliyyət göstərir. 

Kəmərin su ilə təmin olunması məqsədilə Oğuz rayonu ərazisində 81 istismar və 20 müşahidə quyusu qazılıb. Layihəyə əsasən, hər bir quyunun məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda bəzi quyularda bu göstərici saniyədə 80-90 litrə qədər yüksəldilib. Müşahidə quyularında aparılan daimi monitorinqlər su ehtiyatlarının dinamikasının və debit göstəricilərinin layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu təsdiqləyir. Bu da mənbənin potensialının kifayət qədər geniş olduğunu göstərir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verərək bildirib ki, Oğuz rayonunun Sincan kəndində yerləşən 81 subartezian quyudan əldə olunan su bu kənddə fəaliyyət göstərən suqəbuledici kameralara toplanır, kameralardan da iki ədəd on min kub metrlik anbarlara dolur. Anbarlardan özüaxımlı rejimlə Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə ötürülür.

Anbarlara tökülən su öncədən suqəbuledici kamerada emal olunur, zərərsizləşdirilir. Daha sonra su magistral kəmər vasitəsilə paytaxt istiqamətində nəql edilir. Kəmər boyunca suyun sabit və təhlükəsiz ötürülməsini təmin etmək məqsədilə üç təzyiq nizamlayıcı (Oğuz Qurğular Kompleksi, 153-cü kilometr və Abşeron Qurğular Kompleksi ərazilərində) və iki təzyiqqırıcı kamera (31-ci və 158-ci kilometrlərdə) quraşdırılıb. İş rejimi müasir SCADA nəzarət sistemi vasitəsilə avtomatlaşdırılmış qaydada izlənilir və idarə olunur.

Su kəməri ölkənin 8 rayonunun ərazisindən keçərək paytaxta qədər uzanır. Oğuz-Qəbələ-Bakı kəməri ilə verilən içməli suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlara tam uyğundur və yüksək gigiyenik göstəricilərə malikdir.

Kəmər vasitəsilə verilən su Bakı şəhərinin, Abşeron, Yasamal, Nəsimi, Səbail, Nərimanov, Nizami, Xətai və  Binəqədi rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyunca yerləşən bir sıra yaşayış məntəqələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edir. Bu layihə paytaxtın su təchizatının şaxələndirilməsi, paytaxtın içməli su təminatının etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: https://qafqazinfo.az/news/detail/oguz-qebele-baki-su-kemerinin-menbeyinden-reportaj-500727

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button